TEBAREN Uzmanı Dr. Babek Şahit İran’daki Protestoları Azerbaycan Cumhuriyeti’nin 525-ci Gazetesi’ne Değerlendirdi

İrandakı rejim əleyhinə sentyabrdan başlanan etiraz aksiyaları davam etməkdədir. Rejim kütləvi etirazlar fonunda əxlaq polisinin ləğvi kimi bəzi manevrlər etməyə çalışsa da, repressiya siyasətini də davam etdirir. Görünən budur ki, xalq hələ geri addım atmaq, rejimin zülmü altında əzilməyə davam etmək niyyətində deyil. İllərdir molla rejiminin təzyiqinə, repressiyalarına məruz qalan, öz haqlarını tələb etdikləri üçün zindanlara salınııb, edam edilən, ağır işgəncələr görən güneyli soydaşlarımız da bu mübarizənin önündə gedir, azadlıq, ədalət tələb edir.  Ankaradakı Təbriz Tədqiqat Mərkəzinin eksperti, güneyli fəal Babək Şahid “525”ə müsahibəsində İrandakı etirazları, o cümlədən, rejimin Azərbaycana yönəlik düşmənçilik siyasəti barədə danışıb. Vurğulayaq ki, B.Şahid bu günlərdə Güney Azərbaycan Keçici Milli Məclisi Təşkilat Komitəsinin digər üzvləri ilə birgə Bakıda olub və bir sıra görüşlər keçirilib.

 – Babək bəy, İranda üçüncü aya keçib ki, etirazlar davam edir. Sizcə, bu hadisələr nə ilə nəticələnə bilər?

– Əvvəla, bu etirazlar nəticəsində biz açıq və birmənalı şəkildə deyə bilərik ki, gələcək İran artıq keçmiş İran olmayacaq, hətta İran inqilab prosesinə qədəm qoyub. Bu inqilab bu gün dövlət və ya rejim dəyişikliyi şəklində özünü göstərməsə də, sosial sahədə özünü açıq şəkildə göstərir. Mən bununla iddia etmirəm ki, bu gün və ya yaxın bir neçə ayda İranda rejim dəyişikliyi olacaq. Sadəcə olaraq vurğulamaq istəyirəm ki, yaxın gələcəkdə İranda inqilabçı dəyişiklik olacaq. Bu inqilabçı dəyişiklik bir ildən, yaxud beş ildən sonra baş verə bilər. Lakin İran rejiminin indiki şəraitdə davam edə bilməyəcəyi qətidir. Ya struktur islahatı etməlidir ki, bu durumda yuxarıdan aşağıya inqilabçı bir dəyişikliklərin şahidi olaq, ya da cəmiyyətin tələbləri qarşısında geri addım atmalıdır. Bu halda inqilabçı dəyişiklik aşağıdan yuxarıya doğru nəticələnəcək. İrandakı güc mərkəzlərinin İran dövlət quruluşu ilə qarşılıqlı əlaqələrini nəzərə alsaq, Xamneyinin ölümündən sonrakı dövr İranda inqilabçı mübarizə üçün dönüş nöqtəsi olacaq.

– İranın Azərbaycana qarşı son siyasəti ilə bağlı soruşmaq istəyirdim. Tehran rejimi Azərbaycanla bağlı təhdidlər səsləndirir, islami dəyərləri təhqir edən, məscidlərimizi dağıdan Ermənistanla dostluq edir. İran rejiminin bu mövqeyinin səbəbi nədir?

– İranın Azərbaycana qarşı aqressiv yanaşmasının bir neçə səbəbi var. Birinci səbəb real siyasi maraqlar kontekstində İkinci Qarabağ müharibəsindən və Azərbaycanın qələbəsindən sonra İran özünü Cənubi Qafqazın geosiyasətindən kənara qoyulduğunu hiss edir. İrana görə Qarabağ müharibəsi zamanı bölgədə yaranan Azərbaycan-Türkiyə ittifaqı İranı regional siyasi tarazlıqdan çıxardı. Yəni İran hələ də Azərbaycanın Qarabağ müharibəsinin zəfərini həzm edə bilmir. İkinci səbəb isə onun Zəngəzur dəhlizinin açılması ehtimalı ilə bağlı narahatlığıdır. İran özünü Asiyanı Qərblə birləşdirən körpü kimi görür və uzun illər bu geosiyasi imtiyazdan öz xeyrinə istifadə edib. Zəngəzur dəhlizinin açılması bir tərəfdən Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Cümhuriyyətini Orta Asiya ilə birləşdirəcək və Türk dünyası üçün Türk dövlətlərinin nəzarətində olan yolun açılması demək olacaq, digər tərəfdən, Asiyanı Qərblə birləşdirən alternativ yol açılmış olacaq və İrana çox ehtiyac qalmayacaq. Beləliklə, İran regiondan tamamilə təcrid olunacağını düşünür. Üçüncü səbəb İranın daxili siyasi problemlərini və böhranlarını öz sərhədlərindən kənara çıxarmağa çalışmasıdır. İran təxminən üç aya yaxındır ki, etirazlarla sarsılır. İran dövlət zehniyyəti əvvəlcə öz sərhədləri daxilində idarəli böhran yaradaraq daxili böhranı xaricə daşımaq istəyirdi. Ancaq bu baxımdan uğursuz oldu. Dördüncü səbəb tarixi səbəblərlə bağlıdır. İran öz sərhədlərində güclü Azərbaycan Respublikasının olmasını istəmir. Güclü Azərbaycan Respublikası Güney azərbaycanlılar üçün ideal güc mənbəyi deməkdir. Bu, Tehranın Güney azərbaycanlılara nəzarətini çətinləşdirir. Bundan başqa, Azərbaycan və Türkiyə arasında stratejik müttəfiqlik tarixi fars-türk rəqabətində türklərin üstünlüyündən xəbər verir. Bu da İranı aqressiv davranmağa vadar edib.

– İranda azərbaycanlıların hüquqları hər zaman pozulub. Az sayda olan ermənilər üçün isə bütün hüquqlar təmin edilib. Bu barədə siz nə deyə bilərsiniz?

– İranda fars şovinizminin qorxduğu ən böyük təhlükə Güney azərbaycanlılardır. Güney azərbaycanlılar İran tarixində oynadıqları rola və İranın siyasi və ictimai həyatındakı ağırlıqlarına görə özünəməxsus yerləri var. İran siyasi mədəniyyətində yayılan bir fikrə görə, İranda köklü və inqilabi dəyişiklik tələbləri farslar tərəfindən irəli sürülsə də, Güney azərbaycanlılar iştirak etməsə, uğur qazanmaq şansı yoxdur. Bu, daha çox Güney azərbaycanlıların müasir İran tarixində, xüsusən də Məşrutə İnqilabı və İslam İnqilabında oynadıqları rolla bağlıdır. Amma burada, Güney Azərbaycanda geniş yayılmış fikrə görə, Güney azərbaycanlılar tarix boyu İran üçün fədakarlıq etsələr də, fars şovinizmi fürsət düşdükcə Güney azərbaycanlıların mənəvi, siyasi və mədəni varlığını məhv etməyə çalışırdı. Bu səbəbdən o, həmişə Güney azərbaycanlılara qarşı sərt münasibət sərgiləyib. Amma onun niyə ermənilərə məktəblər açmasına icazə verdiyi sualına bəlkə də ən dürüst cavabı İranın keçmiş kəşfiyyat naziri Əli Yunesi daha öncə verib. İranın keçmiş prezidenti Həsən Ruhaninin qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələləri üzrə xüsusi köməkçisi Əli Yunesidən “Nə üçün İranda azərbaycanlıların öz dillərində məktəblər yoxdur, ermənilərin isə var” sualına belə cavab verib ki, azərbaycanlılar bizimlə eyni məzhəbə sahib olsalar da, ermənilər bizimlə eyni qan və soya sahibdirlər. Bənzər bəyanatı İran erməni arxiyepiskopu Sebuh Sarkisyan 2022-ci il noyabrın 19-da dilə gətirib. İranın rəsmi xəbər agentliyində yer alan xəbərə görə, 2022-ci il noyabrın 19-da Ermənistanın Tehrandakı səfirliyini ziyarət edən arxiyepiskop Sebuh Sarkisyan farslarla ermənilərin qardaşlığının onların eyni soydan və mənşəyindən qaynaqlandığını bildirib. Yəni İran dövləti erməniləri ari irqinə mənsub öz qohumları kimi görür.

– İrandakı proseslər Güney Azərbaycan üçün nə vəd edir? Molla rejimindən qurtulmaq mümkün olacaq?

– Nəhayət, İran xalqı molla rejimindən xilas olacaq. Bu, bəşər tarixinin bizə vəd etdiyi gələcəkdir. İran kimi faşist, qəddar və teokratik ölkələr heç vaxt uzun müddət yaşaya bilməyiblər. Burada önəmli olan Güney azərbaycanlıların nə edəcəyi və ya etməli olduğu məsələsidir. Məncə, biz tarix boyu İran üçün fədakarlıq etmişik. Bütün fədakarlıqlara baxmayaraq, cavabımız ancaq təhqir olunmaq, xor görülmək, yoxsullaşdırmaq və əzilmək olub. İran sürətlə yeni dönüş nöqtəsinə doğru irəliləyir. Güney Azərbaycan bu tarixi fürsəti əldən verməməlidir. Xalq şairimiz Bulud Qaraçorlu (Səhənd) demişkən özgə çırağına yağ olmaq bəsdir, öz ellərimiz qaranlıqdadır, yanıb yandırmayaq yadın ocağın, evimiz soyuqdur, qışdır, şaxtadır. Bu tarixi fürsətdə Güney Azərbaycan ya müstəqil dövlət olmaq yolunda ciddi addım ataraq türk tarixində yeni bir prosesə öncülük edəcək, ya da köhnə acı təcrübələri yenidən yaşamaq məcburiyətində qalacaq.

– Azərbaycan Prezidentinin güneyli soydaşlarımızla bağlı mövqeyini necə qiymətləndirirsiz?

– Cənab Prezident İlham Əliyevin Güney Azərbaycanla bağlı açıqlamaları həm Güney Azərbaycanda, həm İranda, həm də regionda yeni səhifə açdı, Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Güney azərbaycanlılar təkcə İrandakı rejimlə mübarizə aparmırlar. Güney azərbaycanlılar bir tərəfdən rejimlə mübarizə apararkən, digər tərəfdən rejimə qarşı mübarizə apardıqlarını iddia edən fars şovinist qrupları ilə də mübarizə aparırlar. Müəyyən mənada Güney azərbaycanlıların həm rejim, həm də fars şovinist rejimi əleyhdarları tərəfindən ortada qalması və yalnız alət kimi istifadə edilməsi istənilirdi. Cənab Prezident İlham Əliyevin bəyanatı Güney azərbaycanlılara belə açıq mesaj verdi ki, kimin nə deməsindən, nə məqsədlə deməsindən asılı olmayaraq, siz güney azərbaycanlılar dövlətsiz deyilsiniz və “mən azərbaycanlıyam” deyən hər bir insanın arxasında Azərbaycan Respublikası dövləti dayanır. Bu, Güney azərbaycanlılar üçün böyük mənəvi və güc mənbəyi idi. Güney azərbaycanlılar fars şovinizmi qarşısında yanlız olmadıqlarını açıq-aydın hiss etdilər. Bu səbəblə burada fürsətdən istifadə edib təkrar öz adımdan cənab Prezidentə bu tarixi çıxışları üçün təşəkkür etməyi özümə bir borc bilirəm. 

– Bu günlərdə Azərbaycanda oldunuz. Səfər necə keçdi?

– Tək bir sözlə desəm, möhtəşəm. Sözlərlə anladılmayacaq qədər mohtəşəm. Çünki taleyin hökmü ilə şimala və cənuba bölünən Azərbaycanın, mənəvi olaraq bölünmədiyini və bütöv qaldığını bütün ruhum və vücudumla hiss etdim və bu günə qədər kitablardan və şeirlərdən oxuduqlarımı bu gün Bakı küçələrində gəzərkən ruhumun dərinlikləri ilə yaşadım. Azərbaycanın süni sərhədlərlə bölünməsinə baxmayaraq, bir və bütöv qaldığını gözümlə görüb yaşadım.

Pərvanə SULTANOVA

Bakınız: Güneylilər fars şovinizmi qarşısında yalnız olmadıqlarını açıq-aydın hiss etdilər

İlginizi Çekebilir

20. Yüzyılın Başlarında Güney Azerbaycan’da Okulların Durumu- Dr. M. Rıza HEYET

Türk Kacar hanedanının yıkılmasından önceki yıla (1924) ait veriler; Güney Azerbaycan’da eğitim bütçesi, okulların durumu,