11 il davam edən soyuq münasibətlərin ardınca Türkiyə-Suriya liderlərinin görüşü yenidən gündəmə gəlib. Hakimiyyət kürsüsünün əldən gedəcəyini hiss edən Suriya prezidenti Bəşər Əsəd, bu dəfə ölkənin güc strukturu və hərbi sistemində köklü dəyişikliklər etdiyini və önündə İranla mübarizə aparmaq üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan dəstək umduğunu deyib.
Xatırladaq ki, Suriya uzun illərdən bəri İranın ən yaxın müttəfiqlərindən biri olub və 2014-cü ilədək ölkədə Livanın həm İran, həm də Suriya ilə bağlarını birləşdirən “Hizbullah” dini təşkilatı geniş yayılmağa başlayıb. Hətta sirr deyil ki, Əsədin yenidən prezident kürsüsünə otuzdurulmasında da İranla adı gedən dini təşkilatın rolu az olmayıb. Lakin zaman keçdikcə siyasi hədəflər dəyişib və bu gün Suriynın uzun müddətdən sonra Türkiyənin qapısını döyməsi adi görünsə də, müəyyən maraqlar doğurub.
Mövzu ilə bağlı Ankaranın Təbriz Araşdırmalar İnstitutunun siyasi eksperti doktor Babək Şahid Ednews-a açıqlamasında görüşün əsas məqsədi barədə danışıb.
“Ankaranın Dəməşqlə normallaşma prosesinin iki əsas məqsədinin olduğunu iddia etmək olar. Hər şeydən əvvəl Türkiyə Respublikasının son illərdə xarici siyasətində ən mühüm prioriteti olan Suriyanın ərazi bütövlüyü və ortaq təhlükəsizlik məslələri çərçivəsində atılan diplomatik addımları nəzərə almaq gərəkir”,- deyə, ekspert qeyd edib.
Babək Şahid Suriyanın nə dərəcə inandırıcı tərfdaş olacağı məsələsinə gəlincə qeyd edib ki, görüşün mərhələli şəkildə baş tutması həm də tərəflərin münasibətlərinin nə dərəcə səmimi olduğunu öyrənmək məqsədi daşıyır.
“Bəşər Əsədin prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyini ifadə etməsindən əvvəl danışıqların kəşfiyyat, müdafiə və xarici əlaqələr formasında irəliləməsi diqqət çəkir. Çünki bu vəziyyət alt kəşfiyyat səviyyəsində edilən təmaslarla əvvəlcə münasibətlərin nə dərəcədə istiqanlı olduğunu yoxlamaq məqsədi daşıyır. Sonrakı mərhələdə isə qarşılıqlı iradəni əks etdirən inkişaflara cavab olaraq prosesin irəlilədiyini göstərir. Bu da onu göstərir ki, Türkiyə-Suriya xəttində normallaşma prosesi yavaş, lakin möhkəm zəmində qurulması nəzərdə tutulur. Bu siyasət xarici siyasətdə dostlarını artırmağa əsaslanan Türkiyənin diplomatiya yanaşmasına uyğun görünür”.
Digər türkiyəli politoloq, Kütahya Dumlupınar Universitetinin siyasət və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri professor Hüsaməddin İnac açıqlamasında bu görüşün baş tutmasını belə izah edib:
“Hazırda qarşımızda bir tərəfdən ərəb dövlətləri tərəfindən qəbul edilməyən, digər tərəfdən də ölkəsi İran tərəfindən parçalanan bir dövlət liderini görürük. Bəşər Əsəd sözün əsl mənasında təsirini itirəcək qədər sıxışdırılmış vəziyyətdədir. Belə bir halda o öz müqəddəratını Türkiyəyə bağlı olduğunu açıq şəkildə dərk edir”.
Professor Suriyanın Türkiyəni çıxış yolu kimi görməsi səbəbini izah edərkən bildirib ki, Bəşər Əsəd Türkiyəni həm ABŞ qüvvələrinin ölkəsindən uzaqlaşdırılmasında, həm də Suriyanın şimalında dövlət qurmaq iddiasında olan terrorçu qüvvələrin zərərsizləşdirilməsində son dərəcə etibarlı tərəfdaş kimi görür.
Hüsaməddin İnanc həmçinin Türkiyə ilə Suriya münasibətlərində İranın müdaxilə edə bilmək kimi niyyətinin olmasını da dilə gətirib.
“İran şübhəsiz ki, Suriyada ən geniş yayılmış terrorçu təşkilatlara sahibdir və İranın niyyəti hər zaman özünün problemlərini kənara çıxartmaqdır. Eynilə Qarabağ məsələsindəki kimi İran necə ki, Azərbaycanı parçalamağa çalışırdı və bacarmadı, indi də eyni ilə Suriyanı parçalamağa çalışacaq. Lakin Türkiyənin qarşısında İran bunu bir daha bacara bilməyəcək. Bu səbəbdən də Bəşər Əsəd Türkiyəni müttəfiq olaraq seçib”.
Elnur Ənvəroğlu
Bakınız: Əsədlə Ərdoğan görüşünün əsas məqamları: “İran Qarabağ məsələsindəki kimi Suriyada da uduzacaq”