Türkiyə, İsveç və Finlandiya dövlətlərinin terrorçu qrup olan PKK və YPG-nin təxribatçı əməllərinə göz yummasını sərt şəkildə tənqid edib. Türkiyədə hakim olan Ədalət və İnkişaf (AK) partiyasının sözçüsü Ömər Çelikin sözlərinə görə, İsveç siyasətçilərinin və məhkəmə sisteminin terrorizm və antiterror məsələlərində qeyri-müəyyən mövqeyi ölkənin öz milli maraqlarına təhlükə yaradır.
“Bir daha demokratiya, plüralizm və azadlığı müdafiə etdiklərini iddia edənlərin bu alçaq terror aktı qarşısında susması terroru dəstəkləməkdən başqa bir şey deyil,” deyə partiyanın mətbuat rəhbəri belə əlavə edib.
Qeyd edək ki, İsveç və Finlandiya, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində ölkələrinə qarşı təhdiddən müdafiə olunmaq məqsədilə, may ayında NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib. Bunun ardından Türkiyə hər iki ölkənin NATO-ya üzv olmasını rədd edib və şərt olaraq Aİ və ABŞ qarşısında ilk növbədə terrora qarşı durmağı tələb edib.
Məsələ ilə bağlı Ednews-a açıqlamasında Türkiyədə yaşayan siyasi analitik Babək Şahid bildirib ki, İsveç özünü demokratiya və sivilizasiyanın ən mərkəzi hesab etsə də, əksinə terrorun yuvasına çevrilib.
“Əvvəla, İsveç özünü dünyanın ən demokratik və liberal ölkəsi kimi görür. Bu səbəbdən də müxtəlif terror təşkilatlarına ev sahibliyi edir. Bu sırada İsveçdəki təşkilatlar arasında PKK/PYD terror təşkilatı da var. Bundan əlavə, İsveç bir çox digər Avropa ölkələri kimi separatçı kürd qruplarının diaspor mərkəzidir”.
Ekspert deyib ki, Avropada Türkiyəyə qarşı nifrət artmaqdadır. Bu kontekstdə İsveçin Türkiyəyə qarşı PKK/PYD tərəfdarlarına müdaxilə etmədiyi göz qabağındadır.
“Təbii ki, bu vəziyyət Türkiyəni narahat edir. Çünki Türkiyə terror təşkilatlarına hərbi cəhətdən ağır zərbələr endirsə də, Avropa və İsveçin verdiyi yardımlar PKK/PYD-nin təbliğat fəaliyyətini davam etdirməsinə səbəb olur. Üstəlik, PKK/PYD Avropadakı təşkilatı ilə həm maliyyə qaynaqları yaradır, həm də silahlılar toplayır. Bu vəziyyət təşkilatın varlığını və hücumlarını davam etdirməsinə səbəb olur”.
Babək Şahid qeyd edir ki, diplomatiya terrorla mübarizədə mühüm vasitədir. İsveç kimi terror təşkilatlarını dəstəkləyən ölkələrin siyasəti bu alətdən istifadənin qarşısını alır.
“Bilirsiniz, İsveç NATO-ya daxil olmaq istəyən dövlətdir. Rusiya təhlükəsindən qaçan bir dövlətin Türkiyənin təhlükəsizlik problemlərinə əhəmiyyət verməməsi ikiüzlülükdür. Bu vəziyyət Türkiyəni narahat edir. Bundan başqa, İsveç NATO-ya daxil olmaq üçün terror təşkilatlarının qarşısını alacağı ilə bağlı Türkiyəyə bəzi vədlər verib. Bu gün bunun tələblərinin yerinə yetirilməməsi Türkiyə üçün mühüm problemdir,” deyə, ekspert vurğulayıb.
Belə bir vəziyyətin iki ölkə arasında münasibətlərə mənfi təsir edəcəyindən danışan siyasi analitik, nəticənin daha kəskin hal alacağını bildirib.
“Bəli, bu vəziyyət iki dövlət arasında dərin problemlər yaradacaq. İsveç ilk dəfə NATO-ya müraciət edəndə Türkiyənin istədiyini qəbul etməyəcəyini bildirmişdi. 2022-ci ilin sentyabrında keçirilən seçkilərdə sağ partiya tərəfdarları qalib gəlib. Yeni administrasiya NATO-ya üzv olmaq istədiklərini, Türkiyənin terrorla bağlı haqlı olduğunu və Ankaranın tələblərini yerinə yetirəcəyini bildirib. Lakin bu gün İsveç hakimiyyəti rəsmi şəkildə bunu tətbiq etmir. Bu vəziyyət İsveçin etibarsız və terroru dəstəkləyən dövlət olduğunu göstərir”.
Babək Şahid İsveçin NATO-ya üzv olmaqda Türkiyədən asılı olduğunu və onun razılığı olmadan bunun qeyri-mümkün olduğunu deyib: “Bilirsiniz, NATO-da belə bir qayda var ki, üzvlərdən biri razılıq vermədən digər dövlət üzv kimi seçilə bilməz. Bu durumda Türkiyə “hə” demədən İsveçin üzv olması mümkün deyil. NATO daxilində qərar qəbuletmə mexanizmləri və konvensiyalar buna imkan vermir. Ehtimal ki, Qərb dövlətləri və NATO-nun baş katibi Yens Stoltenberq onun üzv olması üçün təzyiq göstərəcək. Türkiyə isə üzvlüyün ratifikasiyasını parlamentə gətirməyə bilər”.
Sonda ekspert Aİ və İsveçin terroru dəstəkləməkdə güddüyü məqsədlərə, habelə Türkiyə ilə bağlı müəyyən siyasi məsələlərə toxunub:
“Əvvəla, PKK/PYD uzun müddətdir ki, Avropadadır. Bölgədə və Fransa kimi müxtəlif ölkələrdə yaşayan terror tərəfdarları var. Onlar da yaşadıqları ölkələrin vətəndaşlarıdır. Siyasi idarələr seçki vaxtlarında bu qrupların səsini almaq üçün PKK/PYD-nin əleyhinə çıxış etmir.
Digər səbəbə gəlincə, Avropada müxtəlif qruplar, partiyalar Türkiyəni sevmir. Bunun müxtəlif səbəbləri var. Xüsusilə Türkiyənin türk və müsəlman olması, Osmanlı İmperatorluğunun davam etməsi, Mustafa Kamal Atatürkün Qurtuluş Savaşında Avropanı məğlub etməsi Avropanın Türkiyəni sevməməsinin səbəblərindəndir. Digər tərəfdən Türkiyə regional güc olduğu üçün öz maraqlarını nəzərə alaraq hərəkət edir. Avropa isə Türkiyənin ondan asılı ölkə olmağını istəyir.
Avropa həm də PKK/PYD-ni bölgədə kürd dövləti qurmaq üçün dəstəkləyir. Kürd dövləti qurulsa, Türkiyə zəifləyəcək və Avropa Türkiyəni cənubdan mühasirəyə ala biləcək. Avropa da məhz bunu istəyir. Daha bir səbəb isə, İŞİD terror təşkilatının ortaya çıxması faktıdır. İŞİD Yaxın Şərqdə demoqrafik quruluşu pozub. Onun dini, PKK/PYD-nin isə dünyəvi təşkilat olduğu iddia edilib. Başqa iddialara görə PKK/PYD İŞİD-i guya məğlub etmək üçün Aİ və Qərbə dəstək olub. Halbuki PKK və İŞİD eyni mənbədən qidalanırdı. Avropa hökumətləri PKK/PYD-yə onları mükafatlandırmaq üçün belə dəstək verirlər. Eyni zamanda, onlar regionda PKK/PYD-ni vəkil kimi görürlər”.
Elnur Ənvəroğlu
Bakınız: Türkiyə ilə İsveç münasibətləri: “Vəziyyət iki dövlət arasında daha dərin problemlər yarada bilər”